XƏBƏRLƏR
29.01.2016
QAFQAZ UNİVERSİTETİNDƏ I BEYNƏLXALQ TƏRCÜMƏ FORUMU KEÇİRİLİB

        Müasir dövrümüzdə tərcüməçilik çox çətin, incə və kifayət qədər zəhmət tələb edən sahədir. Tərcüməçi yalnız tərcümə etmir, həm də  bu prosesdə bir növ yazıçı rolunu oynayır. Bu da tərcüməni yaradıcı işə çevirir. Bu baxımdan tərcüməçinin gördüyü işin bütün incəliklərini bilməsi çox vacib hesab edilir.

         Respublikamızda tərcümə işinin keyfiyyətinin artırılması üçün mütəmadi olaraq forumlar, seminarlar və treninqlər keçirilir. Yanvarın 29-da Qafqaz Universitetində ARNK yanında Tərcümə Mərkəzi, Qafqaz Universiteti, Dillər Universiteti və "British Council"un təşkilatçılığı ilə "Tərcümə ixtisasının tədrisi, mövcud problemlər və təhlil" mövzusunda Respublika Forumunun öz işinə başlaması da bu istiqamətdə görülən tədbirlərdən biridir.  Beynəlxalq Elmi İşgüzar tədbirə tərcümə sahəsində fəaliyyət göstərən bir çox yerli və xarici ekspert, professorlar, təhsil sahəsində çalışan görkəmli şəxslər, səfirlik nümayəndənləri qatıldılar.  İlk öncə Qafqaz Universiteti Tərcümə bölmə rəhbəri Nərminə Əliyeva tədbirdə iştirak edənlərə təşəkkür edərək,  Qafqaz Universitetində tərcümə ixtisasına verilən önəmdən bəhs etmişdir. Tədbirin moderatoru Qafqaz Universiteti Pedaqoji fakültənin Tərcümə bölməsinin müəllimi Polad Poladov qonaqları salamlayaraq, forumu açıq elan etdi.

     Qafqaz Universiteti prorektoru, elmlər doktoru, professor Niftalı Qocayev universitetdə bu kimi formların təşkil olunmasının əhəmiyyətindən və təhsilə dövlət dəstəyinin təqdirəlayiq olmasından danışdı.

       Forumda çıxış edən ARNK yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud ölkədə tərcümə işinin təşkili və tənzimlənməsi ilə bağlı görülən işlərdən, aparılan araşdırmalardan söz açaraq, dil və tərcümə sahəsində yaşanan neqativ hallardan danışıb, bu sahənin, bilavasitə qurucusu olan tərcüməçilik tədrisinin yeni əsaslar və qaydalar üzrə qurulmasının vacibliyinə toxunub. Tərcümə tədrisinin spesifik sahələr üzrə qurulmasının zəruriliyinə toxunan direktor, magistr pilləsində bu prosesin mükəmməl mərhələyə çatdırılmasının vacibliyini qeyd edib və tərcümə tədrisinin yenilənməsini şərtləndirəcək təkliflərini irəli sürüb.

     Hazırda ölkədə tərcümə xidmətinin yerinə yetirilməsinin 70%-i tərcümə mərkəzlərinin üzərinə düşür.  Tərcümə sahəsində fəaliyyət göstərdiyi dövr ərzində  böyük nüfuza sahib olan “ATTM” Tərcümə Mərkəzi də təcrübəli, peşəkar komandası ilə  tərcümənin  təkmilləşdirilməsi  üçün  daim yeni istiqamətlər üzrə çalışır. Qeyd olunan digər qurumlar kimi, “ATTM” Tərcümə Mərkəzi də bu foruma qatılmış və müzakirələrdə iştirak etmişdir.  

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər