XƏBƏRLƏR
18.03.2017
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Tarixi çox qədim köklərə bağlı olan Novruz Bayramı ən xüsusi və sevilən bayramlarımızdan biridir. “Novruz” sözünün mənası “yeni gün” deməkdir. Novruz bayramı Baharın ilk gününün, eləcə də, Yeni ilin qarşılanması anlamına gəlir. Novruz günündə gecə ilə gündüz bərabərləşir, qış bitir, Bahar fəsli başlanır, təbiət canlanır, torpaq oyanır.

Qədim zamanlarda “Novruz”un gəlişi - əmək mövsümünün başlanması idi və insanları sevindirirdi. Onlar qoyun–quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması arzusu ilə müxtəlif nəğmələr yaradırdılar.

Bayrama hazırlıq bir ay əvvəldən başlanır. Bayramdan öncə dörd çərşənbə qeyd olunur. Onlar: Su çərşənbəsi, Od çərşənbəsi, Torpaq çərşənbəsi və İlaxır çərşənbədir. İnanclara görə birinci çərşənbədə su, ikincidə od, üçüncüdə isə topaq canlanır. Dördüncü çərşənbədə yel ağacların tumurcuqlarını açır və inanclara  görə artıq Bahar gəlir. Novruz  adətlərinə Səməni cücərdilməsi, küçələrdə, evlərin damında, təpəliklərdə tonqal qalanması, tonqalın üzərindən yeddi dəfə tullanmaq, evlərə papaq atmaq, bayram falları etmək və s. aiddir.

 “Novruz” – insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Azərbaycan xalqı hər il həvəslə bu əziz bayramı gözləyir, onu sevinclə qarşılayır, xüsusi bir məhəbbətlə icra edir. Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr xalqımızın həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.

"Avrasiya" Tərcümə Mərkəzi komandası hər birinizi Novruz bayramı münasibəti ilə təbrik edir. Süfrəniz ruzi və bərəkətlə, qəlbiniz xoş hisslərlə dolu olsun.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər