XƏBƏRLƏR
31.03.2018
31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

1918-ci il Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. 

 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox Azərbaycanlını qətlə yetirdilər, onların evlərini qarət etdilər, on minlərlə insanı öz doğma yurdlarından didərgin saldılar. Yalnız Bakıda 30 min Azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmişdir, Şamaxı qəzasında 58 kənd dağıdılıb, 7 min insan qətlə yetirilib, o cümlədən 1653 qadın və 965 uşaq. Quba qəzasında 122 müsəlman kəndi tamamilə məhv edilmişdir, Qarabağın dağlıq hissəsində 150 Azərbaycan kəndi məhv edilmişdir, Zəngəzur qəzasında 115 kənd məhv edilmişdir. İrəvan quberniyasında - 211, Qars vilayyətində - 92 Azərbaycan kəndi dağıdılıb, yandırılıb, qarət edilmişdir. Əhali cinsindən və yaşından asılı olmayaraq vəhşicəsinə qətlə yetirilmişdir. Bu yaşayış məntəqələrinin günahı orada Azərbaycanlıların yaşamasında idi, öldürən insanların günahı isə Azərbaycanlı olmalarında idi.   

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilk dəfə rəsmən ermənilərin Azərbaycanlılara qarşı soyqırım törətdiyini elan etdi. Ulu öndərin imzaladığı bu Fərmanla ermənilərin 1918-ci ildə Azərbaycanlılara qarşı həyata keçirdikləri cinayətlərə siyasi qiymət verildi. Hər il, 31 martda Azərbaycanda və onun hüdudlarından kənarda soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər