XƏBƏRLƏR
09.05.2018
ALEKSANDR ARQUELYES, poliqlot

"Özümü dərk edəndən bəri dillərə qarşı marağım olub. Uşaqlıqda ailəmlə tez-tez səyahət edərdik, müstəqil olaraq özünü yetişdirmiş poliqlot olan atam isə bir dildən digərinə rahatlıqla keçərək istənilən şəxslə asanlıqla ünsiyyət qururdu. Bu mənə hər dəfəsində çox böyük təsir edirdi, lakin eyni zamanda ondan çəkinirdim.

Dillərə asanlıqla yiyələndiyimi deyə bilmərəm. 11 yaşımda məktəbdə fransız dilini çox yavaş mənimsəyirdim və az qala dilləri ümumiyyətlə bir qırağa atacaqdım. Lakin universitetdə alman dili öyrənməyə başladım və işlər dəyişdi - əsərlərinin tərcüməsini oxuduğum alman yazıçılarını çox sevdim və orijinallarını da oxumaq həvəsim yarandı. Elə o vaxtdan bəri bu mənim əsas motivasiyama çevrildi: xarici dildəki nitqin mənası aydın olmağa başladıqda yenilik nazil olur. Alman dilini öyrəndikdən sonra artıq dayanmaq fikrim yox idi. Tezliklə fransız, latın, yunan və sanskrit dillərini də öyrəndim. İyirimi yaşlarımda həyatımın qalan hissəsini mümkün qədər çox dil öyrənməyə sərf edəcəyimə qərar verdim.

Tez-tez məndən soruşurlar ki, sirriniz nədir və bəzi insanların yeni söz və ifadələr öyrənmək üçün xüsusi istedadı olduğu doğrudurmu? Yeni heç nə deməyəcəm: bütün sirrim - oxumağa, qrammatika öyrənməyə sərf edilən sonsuz vaxt və mənim "kalka ilə surət çıxarmaq" adlandırdığım xüsusi texnikamdır: sürətli addımlarla gəzərək qulaqlıqlarla tanış olmayan dildə nitqə qulaq asır və səsləri ucadan təkrar edirəm. Ailə həyatı qurub uşaq sahibi olanadək gündə 16 saat dil öyrənməklə məşğul olurdum. İrland, fars, hindi, türk, suahili dillərində mətnləri yazıya köçürürdüm. Tədricən bütün bu dillərdə daxili obrazım dəqiqləşdi.

İş əziyyətlidir, lakin əvəzi qatbaqat gəlir. İspan dili öyrənərkən müəyyən bir anda uşaqlıda ətrafımda eşitdiyim canlı dil mənə aydın olmağa başladı, sanki qulaqlarıma tıxanmış pambıq bir anda çıxarılmışdı. Mən məhz bu cür anların axtarışındayam, bu bir növ aludəliyə çevrilib. Bənzər hadisə İsveçdə başıma gəldi: isveç dilində danışıldığını eşitdikdə nitq mənə artıq tanış olan elementlərin birləşməsi kimi gəlirdi. Üç həftə sonra kifayət qədər çətin səviyyədə söhbətlərdə iştirak edə bilirdim.

Bu gün qırx dildə oxuyuram və əksəriyyətində rəvan danışa bilirəm. Bütün həyatım boyunca isə daha çoxunu araşdırmışam. Ekzotik dillər adətən daha çətin olur. Səkkiz il ərzində Koreyada professor olaraq çalışmışam və yerli dil daşıyıcısı səviyyəsində koreya dilini öyrənmək üçün demək olar ki, on il sərf etdim.

Xarici dildə danışanda şəkil dəyişdirirəm, başqa insana çevrilirəm, daha ünsiyyətcil oluram. Sabah məni qaçırıb planetin naməlum bir nöqtəsinə atsalar, yəqin ki, insanlarla dərhal ünsiyyət qura bilməyəcəyim bir-iki ucqar rayon var.

Ölü və ölməkdə olan dillər getdikcə daha çox marağımı cəlb edir. Esperanto dilini öyrənmişəm və bir beynəlxalq dilin üstünlükləri mənə aydındır, lakin bu çox darıxdırıcı olardı.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər