XƏBƏRLƏR
28.05.2018
"BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ"!

Torpağı vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir.
Belə bir deyim vardır: müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. Tarixi gedişat sübut edir ki, bu həqiqətən belədir. XX əsr ərzində Azərbaycan iki dəfə müstəqillik imkanı qazandı. 1918-ci il 28 may tarixi ilə qurulan Azərbaycan Xalq Cumhüriyyəti cəmi 23 ay yaşaya bildi. Mövcud şərait, xarici müdaxilə və daxili çəkişmlər AXC-nin süqutu ilə nəticələndi. Yalnız bundan 70 il sonra Azərbaycan yeni bir müstəqillik imkanı qazandı. 1980-ci illərin sonu 90-cı illərin əvvəllərindən etibarən SSRİ daxilində cərəyan edən hadisələr Azərbaycana öz milli müstəqilliyini yenidən bərpa etmək imkanı qazandırdı. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.
Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.
Əbədi müstəqilliyin və Qələbələrin mübarək, Vətən!

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər